Balakəndə aqroturizmin yeni ünvanı – “Balmeyvə”
Balakən, 21 oktyabr, AZƏRTAC
Balakəndə aqroturizmin yeni və cəlbedici ünvanlarından biri də “Balmeyvə” təsərrüfatıdır. Katex və Beretbinə kəndləri ərazisində yerləşən, ümumilikdə, 190 hektar sahəni əhatə edən bu müəssisənin zəngin infrastrukturu aqroturizmin inkişafı üçün olduqca əlverişlidir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2012-ci ildə yaradılan müəssisə regionda kənd təsərrüfatının inkişafına, daxili bazarın təminatına və ixrac potensialının artırılmasına mühüm töhfə verir. Təsərrüfatın əsas istiqamətlərini intensiv bağçılıq, taxılçılıq, qarğıdalıçılıq və balıqçılıq təşkil edir. Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il iyulun 29-da Balakən rayonuna səfəri çərçivəsində “Balmeyvə” bağçılıq təsərrüfatının fəaliyyəti ilə yaxından tanış olub.
Müəssisədə müasir damcı suvarma sistemi ilə təchiz olunmuş 52,7 hektarlıq meyvə bağları mövcuddur. Bunun 41 hektarını alma, 7,5 hektarını gavalı, 3 hektarını şaftalı və 1,2 hektarını armud bağları təşkil edir. İntensiv bağçılıq təsərrüfatından hər il 1500 ton məhsul yığılır. İstehsal olunan meyvənin bir qismi daxili bazarda satılır, qalan hissəsi isə Rusiyaya ixrac olunur.
Təsərrüfatda innovativ aqrar üsulların tətbiqi də uğurla davam etdirilir. Cari ildə 4,08 hektar sahədə dirək üsulu ilə yeni intensiv alma bağı salınıb. Eyni zamanda, bu il 50 hektar sahədə qarğıdalı, 40 hektarda isə buğda əkilib. Buğda sahəsindən 150 ton məhsul toplanıb və məhsuldarlıq 37,5 sentner təşkil edib. Məhsulun itkisiz və keyfiyyətli saxlanması məqsədilə müəssisədə ümumi tutumu 1100 ton olan 11 kameralı soyuducu anbar, həmçinin meyvələrin standartlara uyğun çeşidlənməsi üçün xüsusi avtomatlaşdırılmış xətt fəaliyyət göstərir.
Bununla yanaşı, müəssisənin 15 hektarlıq balıq gölü də mövcuddur. Hazırda burada 14 min 500 sazan və xanı balığı bəslənilir, ilin sonunadək 40 ton balıq əti istehsalı nəzərdə tutulur. Təsərrüfatda 2027-ci il üçün 50 min ədəd Ağ Amur növlü balıq körpəsi də yetişdirilir.
Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev təsərrüfata baş çəkərək, müasir texnologiyaların tətbiqini, aqrar sahədə həyata keçirilən layihələri və xüsusilə aqroturizmin inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirib.
Müxbir - Rasim İslamoğlu