BALAKƏNDƏ İNVESTİSİYA KONFRANSI KEÇİRİLMİŞDİR
İştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin şəhərin mərkəzi parkındakı abidəsini ziyarət edərək, gül-çiçək dəstələri düzmüşlər.
Mədəniyyət evinin foyesində təşkil edilmiş və yerli məhsullardan ibarət sərgi iştirakçılarda böyük maraq doğurmuşdur.
Konfransı giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Asif Məmmədov onun rayonun sosial-iqtisadi inkişafı potensialını geniş auditoriyaya təqdim etmək, yerli və xarici sərmayələri öncül inkişaf istiqamətlərə cəlb etmək, eyni zamanda dövlətlə sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi əsasında Balakəndə davamlı iqtisadi inkişafa nail olmaq məqsədi daşıdığını bildirmişdir.
Sonra Balakən rayonu haqqında çəkilmiş film nümayiş etdirilmişdir.
“Regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasəti” mövzusunda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov vurğulamışdır ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların aparıcı xəttini təşkil edir. Dövlət proqramı çərçivəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, onların iqtisadi potensialının reallaşdırılması investisiyalara olan tələbatı ildən-ilə artırır. Xüsusilə daxili investisiyaların real iqtisadi sahələrə cəlb edilməsi aktual olaraq qalmaqdadır. O, əmin olduğunu bildirmişdir ki, konfransın nəticəsi olaraq, rayona investisiyaların cəlb edilməsi daha da sürətlənəcək və beləliklə, iqtisadiyyatın hərtərəfli inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin həyat səviyyəsinin yaxşılaşmasına daha əlverişli şərait yaranacaqdır.
Rayon icra hakimiyyətinin başçısı Dövlət proqramının qəbul edilməsindən ötən dövr ərzində həyata keçirilən tədbirlərdən danışmış, Balakənin iqtisadi inkişaf reallıqları, mövcud imkanlar və həlli vacib olan məsələlər barədə geniş məlumat vermişdir.
Milli Məclisin deputatı Rəbiyyət Aslanovanın və Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin çıxışlarında ümummilli liderimiz Heydər Əliyevin başladığı iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda Azərbaycanın regionda lider dövlətə çevrildiyi xüsusi vurğulanmışdır.
Konfransda daha sonra yerli sahibkar Cavanşir Piriyev, “Ataholdinq” şirkətlər qrupunun prezidenti, Türkiyə-Azərbaycan İş Adamları Birliyinin sədri Əhməd Erentok çıxış etmiş, rayon iqtisadiyyatının aparıcı sahələrinə dair konkret layihələr ətrafında müzakirələr aparılmışdır.