REGİONLAR
Balakəndə Ulu Öndərə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb








Balakən, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Rayon İcra Hakimiyyətinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsinə yekun vurulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində reallaşan müsabiqə iki mərhələdə keçirilib. Müsabiqənin məktəb mərhələsində qalib elan olunan rəsm əsərləri rayon mərhələsinə təqdim edilib. Ümumilikdə, ilkin mərhələdə 40-dan çox ümumtəhsil məktəbinin yüzə yaxın şagirdi iştirak edib.
Sentyabrın 29-da Balakən şəhər Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsində fərqlənən rəssamların əl işlərindən ibarət sərgi və müsabiqənin yekun tədbiri təşkil olunub. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin, Təhsil sektorunun rəhbər şəxsləri, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qeyd edib ki, müsabiqənin məqsədi Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şəxsləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirmək, aktiv peşəkar sənətə istiqamətləndirmək, yeniyetmə və gənclər arasında maddi və mənəvi dəyərlərimizə məhəbbət hissini aşılamaqdır.
İştirakçıların rəsmləri tədbirin qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar əsərlərinin nümayişi zamanı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər. Məktəblilərin təqdim etdiyi rəsmlərin qiymətləndirilməsi peşəkar mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsabiqənin şərtlərinə əsasən, bir nəfər birinci, iki nəfər ikinci, üç nəfər üçüncü, dörd nəfər isə həvəsləndirici yerə layiq görülüb. Qaliblərə rayon icra hakimiyyətinin diplomları və qiymətli hədiyyələr təqdim edilib.