Balaxanı neftçiləri “Dirçəliş Kuboku”nda ilk oyunu 10:0 hesablı qələbə ilə bitiriblər
Bakı, 12 yanvar, AZƏRTAC
Qarabağ Dirçəliş Fondunun “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin “A” qrupunda çıxış edən “Balakhani Operating Company LTD”nin komandası həftəsonu qrupdakı rəqibi “Azerbaijan Coca-Cola Bottlers” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, Balaxanı neftçiləri üstün oyun nümayiş etdirərək rəqiblərinin qapısından 10 qol keçiriblər. Onlardan 4-nü komanda üzvü Rauf Əliyev vurub. Beləliklə, “Balakhani Operating Company LTD”nin komandası “A” qrupunda mövqeyini gücləndirib.
Dekabr ayında keçirilən püşkatma mərasimində turnirə qatılan 40 komanda hər birində 10 heyət olmaqla, 4 qrupa bölünüb. “A” qrupunda çıxış edən digər şirkətlər arasında “Azercell”, “Pasha Real Estate”, “McDonalds Azərbaycan” da var. Balaxanı neftçilərinin növbəti oyunu “Azercell” komandası ilə gözlənilir.
Xatırladaq ki, bu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən “Dirçəliş Kuboku”nun ikinci mövsümüdür. Xeyriyyə turnirinin budəfəki mövsümündə iştirak edən komandalar tərəfindən Fonda ümumilikdə 115 min manat vəsait ianə edilib. Əldə olunan vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönləndiriləcək.
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılış mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən təmsil olunan şirkətlərə “Təşəkkürnamə”lər təqdim edilib.