ELM VƏ TƏHSİL
BANM tələbəsi “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib
Bakı, 11 sentyabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi fakültəsinin IV kurs tələbəsi Elmir Hacızadə “Huawei Azerbaijan”ın “Seeds for the Future” proqramında iştirak edib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Elmir Azərbaycanın ən yaxşı 6 IT tələbəsindən biri kimi Özbəkistanın Daşkənd şəhərində keçirilən tədbirdə iştirak hüququ qazanıb. Rəhbərlik etdiyi “Lumio” komandası ilə birgə mobil tətbiq layihəsi hazırlayıb. Tətbiq istifadəçilərə süni intellektlə inteqrasiya olunmuş videozənglərlə psixoloji dəstək verir. Layihə mentorlar və hakimlər tərəfindən yüksək qiymətləndirilib və “Social Media Takeover”də qalib gələrək sosial mediada ən çox populyarlıq qazanan komanda olub.
İştirakçılar “Huawei”nin baş mütəxəssisləri tərəfindən 5G, şəbəkə, “hardware”, “bulud” texnologiyaları və digər texnoloji sahələrdə təlimlər alıblar. Proqramın ən yaddaqalan hissələrindən biri mədəniyyət mübadiləsi olub. Elmir Azərbaycan tarixini, mədəniyyətini və milli dəyərlərini tanıdaraq digər ölkə nümayəndələri ilə yeni sosial əlaqələr yaradıb.
Proqramdan sonra Elmir Hacızadə Bakıda “Huawei Azerbaijan”ın baş icraçı direktoru David Xu ilə görüşərək proqram müddətində əldə etdiyi uğurlar barədə məlumat verib.