Baş katibin müavini: Orta Dəhliz dünyada mövcud olan nəqliyyat dəhlizlərinə alternativdir
Bakı, 17 oktyabr, AZƏRTAC
İqlim dəyişmələri göstərdi ki, yalnız bir dəhlizlə ticarət əlaqələrini inkişaf etdirmək olmaz. Mütləq alternativ tranzit yolları lazımdır ki, təhlükəsiz ticarət edilsin və zərərlər minimuma endirilsin.
AZƏRTAC xəbər verir ki, bu sözləri III Azərbaycan Milli Şəhərsalma Forumun çərçivəsində keçirilən “Sektorlararası tərəfdaşlığın təşviqi: Ədalətli və yaşıl şəhərlərin gələcəyi” mövzusunda panel müzakirəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini Silapberdi Nurbediyev deyib.
O bildirib ki, hazırda Orta Dəhliz dünyada mövcud olan nəqliyyat dəhlizlərinə alternativdir.
“Avropa ilə Asiyanı birləşdirən bu dəhliz yalnız yük daşımaq üçün deyil, eyni zamanda, insanların da birləşməsi üçün bir vasitədir. Orta Dəhlizə daxil olan avtomobil və dəmir yolları, hava və dəniz limanları, körpülər və başqa infrastrukturlar insanların da birliyinə stimul verir. Bu dəhlizdən istifadə edən özəl və dövlət sektoruna aid olan şirkətlər dünya bazarına çıxış əldə edir, iqtisadi inkişafa nail olurlar. Tranzit yollar da şəhərlər kimi iqlim dəyişmələrinə məruz qalır. Təbii fəlakətlər yolların, körpülərin dağılmasına səbəb olur ki, bu da inkişafın qarşısını almaqla yanaşı, dövlət və özəl sektora zərər vurur”, - deyə S.Nurbediyev nəzərə çatdırıb.
Orta Dəhlizdə yeni texnologiyaların tətbiqinə toxunan İƏT rəsmisi vurğulayıb ki, sərhəd-keçid və gömrük məntəqələrində rəqəmsal sənədləşmənin tətbiqi vaxt itkisinin qarşısını almaqla yanaşı nəqliyyat xərclərini də azaldacaq: “Orta Dəhliz təkcə regionun deyil, dünyanın iqtisadi inkişafında mühüm rol oynayacaq. Bu baxımdan dəhliz boyu yerləşən dövlətlər onun genişlənməsinə və təşviqinə ciddi diqqət ayırmalıdırlar”.