Baş nazirin müavini Şahin Mustafayev özbəkistanlı həmkarı ilə görüşüb
Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 24-də Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dostluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Azərbaycanla Özbəkistan arasında ali siyasi dialoqun və sıx təmasların mövcud olduğu məmnunluqla vurğulanıb. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivlərinə dair müzakirələr aparılıb.