Bayden və Tramp Miçiqanda keçirilən praymerizlərdə qələbə qazanıb
Bakı, 28 fevral, AZƏRTAC
Miçiqan ştatında demokratların və respublikaçıların praymerizlərində ABŞ Prezidenti Cozef Bayden və sabiq dövlət başçısı Donald Tramp qalib gəlib.
AZƏRTAC “The Hill” qəzetinə istinadla xəbər verir ki, Miçiqan ştatında demokratların praymerizində səslərin 79 faizinin hesablanmasından sonra Cozef Bayden irəlidədir. ABŞ-ın hazırkı dövlət başçısı seçicilərin təxminən 82 faizinin səsini qazanıb. Onun rəqibləri – sahibkar Dina Fillips və yazıçı Marianna Uillyamson isə təxminən 3 faizi səs toplayıb. Partiyadaxili səsvermədə iştirak edənlərin 13 faizi heç bir namizədi dəstəkləməyib.
Respublikaçıların praymerizində isə səslərin 85 faizinin hesablanması başa çatıb. Səsvermədə sabiq prezident Donald Tramp təxminən 68 faiz, onun ən yaxın rəqibi, ABŞ-ın BMT-dəki sabiq daimi nümayəndəsi Nikki Heyli isə təxminən 27 faiz səs toplayıb.
ABŞ-da partiyadaxili seçkilər kokuslar və praymerizlər şəklində keçirilir. Praymerizlər dövlət orqanları tərəfindən, kokuslar isə partiya üzvlərinin təşəbbüsü ilə təşkil edilir. Partiyadaxili seçkilər iyunda başa çatacaq. Bundan sonra iyulda Respublikaçılar partiyasının, avqust ayında isə Demokratlar partiyasının qurultayları keçiriləcək və hər iki partiyanın namizədləri bəlli olacaq.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.