ELM VƏ TƏHSİL
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
Bakı, 24 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru Elçin Babayev bədnam ermənilərin zaman-zaman soyqırımı siyasəti apardığını, torpaqlarımızda günahsız qanlar axıtdığını diqqətə çatdırıb. Rektor qeyd edib ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyilə Xocalıya hücum edərək soyqırımı törədiblər. Soyqırımı nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın öldürülüb, 8 ailə bütünlüklə məhv edilib, yüzlərlə insan yaralanıb.
Rektor ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini xatırladıb. Bildirilib ki, bu gün Xocalı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır.
Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin uğurlu nəticələrindən danışan E.Babayev, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Xocalı faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.
E.Babayev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı ordumuzun parlaq Qələbəsinin tarixi əhəmiyyətini diqqətə çatdırıb.
Sonra İstanbul Universitetinin professoru Cüneyt Yükselin “Xocalı soyqırımı və pozulan insan hüquqları beynəlxalq hüquq perspektivində”, BDU-nun Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədovun “Xocalı soyqırımı: səbəbləri və nəticələri”, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Xocalı soyqırımına görə beynəlxalq hüquqi məsuliyyət”, dosent Təranə Tağıyevanın “Xocalı soyqırımı - insanlıq tarixinin növbəti qara ləkəsi kimi” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə Xocalı qırğınının səbəbləri və nəticələri, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Konfransda BDU-nun əməkdaşı Lalə Hüseynzadənin Xocalı faciəsinə həsr etdiyi kompozisiya nümayiş etdirilib.