BDU-da konfrans: Heydər Əliyev və gənclər siyasəti
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və gənclər siyasəti” adlı konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi, gənclərə daim xüsusi diqqət göstərilməsi, bu sahədə dövlət qurumlarının yaradılması, qanunvericilik bazasının formalaşdırılması barədə tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.
BDU-nun TGT sədri Ələkbər Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət verib. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə böyük qayğı göstərib. Hələ ötən əsrin 70-ci illərində məhz Ulu Öndərin təşəbbüsü və diqqəti nəticəsində on beş mindən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil alıb. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət edib. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində də digər sahələrin inkişafı ilə yanaşı, gənclərin problemlərinin həlli Ulu Öndər üçün prioritet təşkil edib.
Konfransda müxtəlif universitetlərdən olan tələbələr “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda ingilis dilində məruzələrlə çıxış ediblər. Məruzələrdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin gənclərə olan qayğısı, əsasını qoyduğu dövlət gənclər siyasətinin mühüm aspektləri, ölkəmizdə aparılan kadr hazırlığı və təşkilatlanma haqqında məlumat verilib.
Sonra konfransın işində fərqlənən gənclərə sertifikatlar təqdim olunub.