ELM VƏ TƏHSİL
BDU-da “Uğur hekayəsi” layihəsi çərçivəsində ilk görüş
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Maliyyə və menecment kafedrası “Uğur hekayəsi” adlı layihəyə başlayıb. Layihə çərçivəsində ilk görüş “Əli və Nino” mağazalar şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli ilə keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun məzunu olan N.Köçərli öz uğur hekayəsini və bu yolda qazandığı təcrübəni bölüşüb, tələbələrə biznes sahəsində mentorluq köməyini təklif edib. O, eyni zamanda, ölkədə kitab mədəniyyətinin formalaşması ilə bağlı təkliflərini səsləndirib, əsas oxucu kütləsinin 18-25 yaş arası gənclər olduğunu vurğulayıb.
Görüş interaktiv formada təşkil edilib. Maraqlı sual verən tələbələrə N.Köçərli tərəfindən kitablar hədiyyə olunub.
Sonda Nigar Köçərliyə təşəkkürnamə təqdim edilib.