BDU-da ustad dərsi: Heydər Əliyevin aqrar islahat modeli
Bakı, 14 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına uyğun olaraq aqrar və ekologiya sahələri üzrə ustad dərsləri keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, aqrar istiqamət üzrə növbəti ustad dərsi “Heydər Əliyev irsi və aqrar islahatların elmi-nəzəri, praktiki əhəmiyyəti” layihəsi çərçivəsində “Heydər Əliyevin aqrar islahat modeli” mövzusuna həsr olunub.
BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının müdiri akademik Qərib Məmmədov Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin ilk dövrlərində bazar iqtisadiyyatı və azad iqtisadi rəqabət mühitində vahid torpaq fondunun çoxmülkiyyətçilik (dövlət, bələdiyyə və xüsusi) şəraitində səmərəli istifadə edilməsi və mühafizəsinin təşkili sahəsində Ulu Öndərin həyata keçirdiyi aqrar-torpaq islahatlarının istiqamətlərini mərhələlər (1991-1996-cı, 1997-2007-ci, 2008-2015-ci və sonrakı dövr) üzrə təhlil edib, ümumxalq əhəmiyyətli təsərrüfatçılıq dəyərlərini qiymətləndirib.
O vurğulayıb ki, ölkədə həyata keçirilən aqrar-torpaq islahatlarının müəllifi olan Ümummilli Liderin xüsusi yanaşması və diqqəti sayəsində 1,8 milyon hektardan çox qiymətli kənd təsərrüfatı torpağı 840 min ailəyə (3,5 milyon nəfərə) verilib. Bu istiqamətdə hüquqi-qanunvericilik bazası yaradılıb, nəticədə torpaq kateqoriyalarının - uqodiyalarının məqsədli təyinatı, hüquqi rejimi müəyyən edilib.
Ustad dərsində ölkə hüdudlarında ekoloji mühitin mühafizəsi, bioeko sistemin bütövlüyünün qorunmasında torpaq-əkinçi münasibətlərinin təsiri, eləcə də bu istiqamətdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçiriləcək aqrar-torpaq islahatları barədə geniş və ətraflı məlumat verilib, iqtisadi təhlillər aparılıb.
Müzakirələr zamanı Azərbaycan Respublikasının vahid torpaq fondunun elektron-rəqəmsal kadastr bazasının yaradılması, rəqəmsal kadastr xəritələrinin və ekoloji mühit reqlamentlərinin kartoqrafik təsvir edilməsi ilə bağlı dövlət tədbirlərindən bəhs edilib.
Sonra Ulu Öndərin aqrar sahədəki islahatlarını əks etdirən film nümayiş olunub.