BDU-nun tələbəsi Küveyt Universitetində ərəb dili təlimlərini müvəffəqiyyətlə başa vurub
Bakı, 25 dekabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Küveytin Azərbaycandakı səfirliyi ilə birgə elm və təhsil sahəsində layihələr həyata keçirir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, BDU ilə Küveytin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində Şərqşünaslıq fakültəsinin tərcümə (ərəb dili) ixtisasının IV kurs tələbəsi Neymət Məmmədov Küveyt Universitetinin Dillər Mərkəzinin ərəb dili təlimlərini müvəffəqiyyətlə başa vurub. Küveyt Universitetinin Dillər Mərkəzində təhsil alan Neymət Məmmədov ölkəmizi və BDU-nu xarici ölkə tələbələri arasında təmsil edib.
O, Küveytdə ölkəmiz haqqında dolğun məlumatın yerli ictimaiyyətə çatdırılması işində fəallıq göstərib, Azərbaycanın Küveytdəki səfirliyinin tədbirlərində, ölkəmizin əlamətdar günlərində aktiv iştirak edib, ictimai təşəbbüskarlığı ilə seçilib.
Qeyd edək ki, Neymət Məmmədov Şərqşünaslıq fakültəsində təhsil aldığı müddətdə də ümumi orta müvəffəqqiyyət göstəricisi yüksək olub, sosial fəallığı ilə seçilib.