Bəhreyndə qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsi müzakirə edilib
Bakı, 13 noyabr, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreynə səfər çərçivəsində Krallığın mədəniyyət və əntiq əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı xanım nazir Azərbaycan ilə Bəhreyn arasında mədəni əlaqələrin yüksək olduğunu bildirib, bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Bakıya etdiyi çoxsaylı səfərlərin onda paytaxtımız və insanlar haqqında xoş təəssürat yaratdığını, tarix, mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycanın nümunə olduğunu vurğulayıb.
Səmimi qəbula görə həmkarına təşəkkürünü bildirib Ə.Qarayev ölkəmizin Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
Görüş zamanı, son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artdığı və qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsinin vacibliyi bildirilib.
Səfər zamanı nümayəndə heyətimiz xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifənin müşayiəti ilə bir sıra mədəni tədbirlərdə iştirak edib.