Bəhruz Məhərrəmov: Heydər Əliyev müasir müstəqillik təfəkkürümüzün banisidir
Bakı, 14 iyun, AZƏRTAC
Konstitusiyamızın ilk cümləsində ifadə olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Suveren dövlətçiliyin ehtiva olunduğu bu konseptual müddəanın tarixi proses ekvivalentini tapmaq istəsəydik, bu, heç şübhəsiz ki, 15 İyun - Milli Qurtuluş Günü olardı. Çünki 30 il əvvəl, legitim hakimiyyətin yeganə mənbəyi olan xalq yenidən Heydər Əliyevə etibar etdi, taleyin ümidinə buraxılmış xalqa məhz Ulu Öndər sahib çıxdı. Heydər Əliyev bizim müasir müstəqillik təfəkkürümüzün banisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin iyunun 14-də keçirilən xüsusi iclasında deyib.
O bildirib ki, Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamının itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır. Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra başlanan xalq hərəkatının ilk iştirakçılarının əllərindəki etiraz plakatları məhz Heydər Əliyevin portretlərindən ibarət idi.
“Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri də məhz milli iradəni ifadə edən siyasi xəttin davamlılığını Prezident İlham Əliyevin timsalında təmin etməsi oldu. Prezident İlham Əliyev şanlı Zəfərlə qarşıda duran əsas ümummilli vəzifəni həll etməklə, eləcə də həyata keçirdiyi ardıcıl tədbirlərlə Ulu Öndərin Konstitusiyada ehtiva olunan dövlətçilik konsepsiyasını - vəsiyyətini reallaşdırdı. Bu gün Prezident İlham Əliyev sözün əsl mənasında xalqın vahidliyini təcəssüm etdirir, dövlətçiliyin varisliyini təmin edir. Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün sözün əsl mənasında təminatçısı və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların hamisidir”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.