Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində məzunların buraxılış mərasimi keçirilib
Minsk, 26 iyun, AZƏRTAC
Belarusun Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində məzunların buraxılış mərasimi keçirilib. Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, universitetin əyani və qiyabi şöbələrini bitirən məzunlardan 34-ü Azərbaycan Respublikasının vətəndaşıdır.
Məzunların buraxılış mərasimində Belarusun fövqəladə hallar naziri Vadim Sinyavskiy, nazir müavinləri, universitetin rektoru iştirak ediblər. Tədbirə, həmçinin Azərbaycanın Belarusdakı səfirliyinin müşaviri Nizami Rüstəmov da qatılıb və azərbaycanlı məzunlara diplomlarını təqdim edib.
Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında əldə olunmuş razılığa əsasən, artıq necə illərdir Belarus FHN-in Mülki Müdafiə Universitetində azərbaycanlı gənclər təhsil alırlar və səfirlik əməkdaşları hər il universitetin məzunlarının buraxılış mərasimində iştirak edir, zəruri dəstək göstərirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk