SİYASƏT
Belarusda 28 May – Müstəqillik Günü qeyd edilib
Minsk, 26 may, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü münasibətilə Minsk şəhərindəki rəsmi qəbul təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Belarusun Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən səfir Ülvi Baxşəliyev Müstəqillik Gününün Şərqdə və müsəlman aləmində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə müstəqilliyini elan etməsi tarixi ilə bağlı olduğunu bildirib, ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa edərkən özünü Cümhuriyyətin varisi elan etdiyini qeyd edib.
Qeyd olunub ki, məhz 1993-cü ildə xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtması ilə bütün sahələrdə islahatlar aparılıb, nəticədə respublikamızda sabitlik bərpa olunub və Azərbaycan inkişaf yoluna qədəm qoyub. Azərbaycanın bugünkü inkişafının təməlini təşkil edən strateji inkişaf istiqamətləri məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində müəyyənləşdirilib.
Ü.Baxşəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı Zəfərlə ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini vurğulayıb, Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə məlumat verib.
Azərbaycan-Belarus münasibətlərinə toxunan səfir bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu bildirib.
Belarus Baş nazirinin müavini Zayats Leonid Konstantinoviç çıxışında uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, dövlətçiliyinin və beynəlxalq aləmdə rolunun möhkəmləndiyini bildirib. Rəsmi Bakı və rəsmi Minskin çətin anlarda hər zaman bir-birinin yanında olduğunu vurğulayan Baş nazirin müavini iki ölkə arasında qarşılıqlı hörmət və etimad əsasında qurulmuş əməkdaşlığın konstruktiv xarakter daşıdığını deyib.
Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın Belarus ilə Azərbaycan arasında əlaqələrin gələcək inkişafının əsas prioriteti olduğunu bildirən Zayats Leonid Konstantinoviç Belarus məhsullarının ölkəmizə ixracı məsələsinə də toxunub, sənaye kooperasiyasının inkişafına, birgə istehsal olunan məhsulların çeşidinin genişləndirilməsinə diqqət çəkib.
Tədbirin bədii hissəsində Belarus Dövlət Filarmoniyasının Kvartet qrupunun ifasında Azərbaycan, eləcə də dünya klassiklərinin musiqiləri səsləndirilib, ölkəmizin mədəniyyətini, milli adət-ənənələrini və turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub.
Tədbirdə ölkəmizin mədəniyyətini və turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi, eləcə də Ticarət Evinin təşkilatçılığı ilə milli məhsullarımızdan ibarət guşə təşkil olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev