Belçika və Niderland parlamentlərinin son qətnamələrinin əsas məqsədi yeni gərginlik ocaqları yaratmaqdır
Bakı, 21 aprel, AZƏRTAC
Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin aprelin 21-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, qətnamələrdə “suverenlik” və “ərazi bütövlüyü” prinsiplərinə istinad edildiyi halda, Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır. Belçika parlamenti isə regionda guya “gərginlik” və “hərbi risklər” barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir. Halbuki, bölgədəki reallıq tam əksini göstərir. Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit və sakit dövr yaşanır. Bu faktı Ermənistanın rəsmiləri də hər addımda etiraf edirlər. Deməli, burada məqsəd süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə maneə törətməkdən ibarətdir. Bu niyyət özünü Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi ilə bağlı təşəbbüsdə büruzə verir. Bu isə geosiyasi maraqların sülh gündəliyindən üstün tutulmasının göstəricisidir.
Deputat qeyd edib ki, bu qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, parlamentlərarası dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur. Məqsəd sülhə töhfə vermək deyil – məqsəd sülh prosesinə kölgə salmaq, revanşist qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik ocaqları yaratmaqdır.
E.Mirzəbəyli çıxışında, həmçinin Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib. Qeyd edib ki, bu, emosional reaksiya deyil. Əgər əməkdaşlıq platformaları qarşı tərəf tərəfindən alətə çevrilirsə, dialoq imitasiya xarakteri daşıyırsa, bu mexanizmlərin saxlanılması sadəcə formal xarakter daşıyır və heç bir real məna kəsb etmir.