Benilüks Azərbaycanlıları Konqresi Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat yayıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi Ermənistan dövlətinin son hərbi təxribatları ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bəyanatda dünyanın COVID-19 virusundan əziyyət çəkdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsin pozulduğu qeyd olunub. Sentyabrın 27-si isə təxminən səhər saat 06:00 radələrində ermənilər cəbhəboyu zonada yerləşən yaşayış yerlərini iriçaplı artilleriya qurğularından istifadə etməklə atəşə məruz qoyublar.
Bəyanatda, həmçinin deyilir: “Konqres olaraq biz bu təxribatı kəskin şəkildə pisləyirik. Bu təxribatın nəticəsi olaraq hər iki ölkənin hərbçiləri və mülki əhalisi arasında həlak olanlar var. Bütün bunlar sivil dünyanın, demokratiya uğrunda mübarizə aparan ölkələrin gözü önündə baş verir. Ermənistanın işğalçı qüvvələrinin Azərbaycana məxsus mülki obyektləri, xəstəxanaları və evləri atəşə tutması 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.
Sənəddə, eyni zamanda, göstərilir ki, bu cür təcavüzkar aktlarla Ermənistan BMT-nin Nizamnaməsinə, dünya ictimaiyyətinə hörmətsizlik edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur və özünün təcavüzkar siyasətini davam etdirir.
Konqres dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi üçün işğalçı Ermənistana təsir göstərməyə, BMT-nin məlum qətnamələrinin beynəlxalq hüquq və normalar çərçivəsində yerinə yetirilməsini təmin etməyə çağırıb.