Bərdə idmançıları universal döyüş növü üzrə beynəlxalq yarışda uğurla çıxış ediblər
Bərdə, 7 iyul, AZƏRTAC
Ukraynanın Koblevo şəhərində yeniyetmə, gənclər və böyüklər arasında universal döyüş növləri üzrə Dünya kuboku yarışında Azərbaycan yığma komandasının tərkibində iştirak edən Bərdənin “Hərum” idman klubunun 3 idmançısı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Bərdə Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idmançılar Asəf Məmmədov, Rza Paşazadə, Tağı Abbaszadə və məşqçi Rəşad Ocaqverdiyev Bərdə şəhərinin girişində təntənə ilə qarşılanıb. Rayonun Şəhidlər xiyabanına gələn idmançılarımız və gənclər və idman idarəsinin rəhbərliyi Vətən müharibəsi şəhidlərinin məzarları üstünə gül dəstələri qoyublar. İdmançılarımız bu qələbəni Qarabağ şəhidlərinin xatirəsinə həsr etdiklərini bildiriblər.
Qeyd edək ki, universal döyüş növlərinin light və classic versiyaları üzrə 28 ölkədən 400-dək idmançının iştirak etdiyi yarışda Azərbaycan yığma komandası 24 idmançı ilə təmsil olunub.