Bərdə Regional Mədəniyyət İdarəsi “DOST xonçası” kampaniyasına qoşulub
Bərdə, 14 mart, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST xonçası” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində rayon ərazisində yaşayan tənha ahıllara və şəhid ailələrinə regional idarə tərəfindən hazırlanmış bayram sovqatı təqdim olunur.
Regional idarənin rəisi İlyas Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kampaniya Novruzun bayramlaşmaq kimi nəcib adətini özündə ifadə edir. "Tənha yaşayan insanlar, xüsusilə ahıl vətəndaşlar istəyərlər ki, kimsə onların qapısını açsın, onlarla bayramlaşsın, bayram ovqatlı xoş ünsiyyət qurulsun. “DOST xonçası” kampaniyasının məqsədi də məhz belə insanlarla bayramlaşmaqdır. Onların yaşadıqları evlərə gedilərək, bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır", - deyə İ.Hacıyev bildirib.