Bərdədə əmək qanunvericiliyinə dair maarifləndirmə tədbiri keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) növbəti maarifləndirmə tədbirini Bərdə şəhərində işəgötürənlər üçün təşkil edib.
Bu barədə AZƏRTAC-a DƏMX-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş “Qeyri-formal məşğulluğun qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub. Tədbirdə 60-dan çox işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Görüşdə DƏMX-in Qarabağ regional şöbəsinin rəisi Akif Baxşəliyev çıxış edərək, maarifləndirmə tədbirlərinin əmək qanunvericiliyinə riayət olunması baxımından əhəmiyyətini vurğulayıb və müzakirə mövzularının aktuallığını diqqətə çatdırıb.
Sonra regional şöbənin əməkdaşı “Qeyri-formal məşğulluğun qarşısının alınması”, DƏMX-in əməkdaşı isə “İş yerlərində əməyin mühafizəsi” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbir zamanı müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin hüquqları və işəgötürənlərin bu sahədə öhdəlikləri barədə də geniş məlumat verilib. Eyni zamanda, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və bacarıqları, iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində dövlət nəzarətinin rolu müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Bərdə rayonundakı nümayəndəsi Məhər Atakişiyev “İş vaxtından artıq işlərə cəlb olunma hallarında məcburi əməyin elementləri” mövzusunda iştirakçılara məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.