Bərdədə pendir istehsalı müəssisəsində uyğunsuzluq aşkarlanıb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mollalı kəndində Vüsal Vəli oğlu Mehdiyevə məxsus pendir istehsalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, qablaşdırma və istehsalın eyni sahədə həyata keçirildiyi məlum olub. Həmçinin götürülmüş yaxma nümunələrinin laborator müayinəsi nəticəsində işçinin əlində, mayalanma vannasında və istifadə olunan alətdə uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.