Berlin 33-cü beynəlxalq meyvə-tərəvəz sərgisində ölkəmiz də təmsil olunur
Berlin, 5 fevral, AZƏRTAC
Berlin 33-cü Beynəlxalq meyvə-tərəvəz sərgisinə (Fruit Logistica 2026) ev sahibliyi edir.
AZƏRTAC xəbər verir ki, 90 ölkədən 2600 iştirakçını bir araya gətirən sərgidə 150-dən çox ölkədən mütəxəssislər və digər ziyarətçilər də iştirak edirlər.
Qlobal meyvə ticarəti üzrə aparıcı ixtisaslaşmış sərgi olan “Fruit Logistica” istehsalçıdan istehlakçıya qədər meyvə-tərəvəz sənayesinin bütün dəyər zəncirini əhatə etməklə mübadilə, istiqamətlənmə və konkret həlləri birləşdirən mükəmməl platforma yaradır və bazarları, innovasiyaları və insanları bir araya gətirərək bu sahədəki transformasiyanı sürətləndirir. Builki sərginin ən mühüm cəhətlərindən biri də onun əhatə dairəsinin əvvəlki illərlə müqayisədə genişlənməsidir. Burada ənənəvi ixrac ölkələrindən, həm də yüksələn bazarlardan olan şirkətlər öz mövcudluqlarını nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq və mövqelərini gücləndirmək üçün istifadə edirlər. İqlim dəyişikliyi, istehsal xərclərinin artması, qeyri-sabit bazarlar və dəyişən istehlak vərdişləri şəxsi ünsiyyəti hər zamankından daha vacib edir.
Ən mühüm cəhətlərindən biri də bu il süni intellekt və avtomatlaşdırmanın əvvəlki sərgilərdən daha güclü şəkildə ön plana çıxmasıdır. Aparılan müzakirələr süni intellektin bu gün artıq istehsal, keyfiyyət nəzarəti, logistika və ticarət sahələrini dəyişdirdiyini, əsas rəqabət amilinə çevrildiyini göstərir. Məhz bu baxımdan sərgi çərçivəsində keçirilən mühüm tədbirlərdən biri də bilik mübadiləsi və gələcəyin formalaşdırılması mövzusuna həsr olunub. Ümumilikdə 200 məruzəçinin çıxışının nəzərdə tutulduğu bu tədbirlərdə qlobal bazar analizləri, istehlak trendləri, dayanıqlı istehsal, ağıllı texnologiyalar və səmərəli logistika ilə yanaşı, ən yaxşı təcrübələr və nümunələr də diqqət mərkəzində saxlanılır.

Son illərdə ölkəmizdə sürətlə inkişaf edən və ən qabaqcıl təcrübə və trendlərin tətbiq olunduğu kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərimiz də bu sərgiyə böyük maraq göstərirlər. Fermer Aqil Mənsimov sərgidə iştirakın məhz bu baxımdan əhəmiyyətini vurğulayaraq deyib: “Berlində keçirilən “Fruit Logistica” sərgisində böyük maraqla iştirak edirik. Mən Qarabağın işğaldan azad olunmuş ərazilərində bağçılıq və kənd təsərrüfatı ilə məşğulam. Bu sərgidə iştirak etməkdə məqsədimiz ölkəmizdə də kənd təsərrüfatı sahəsində tətbiq edə biləcəyimiz ən müasir trend və texnologiyalarla tanış olmaqdır. Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu diqqət bizi bu cür sərgilərdə qabaqcıl təcrübə və trendlərlə tanış olaraq öz təsərrüfatlarımızda tətbiq etməyə daha da həvəsləndirir”.
Sərginin digər iştirakçıları da ölkələrin nümayəndələri də böyük maraqla iştirak edirlər. İspaniyalı iştirakçı Patrisiya sərginin bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edərək deyib: “Mən İspaniyadanam və dəniz nəqliyyatı sahəsinin bütün seqmentlərini əhatə edən logistika şirkətində çalışıram. Berlində “Fruit Logistica” sərgisində iştirakımızın məqsədi müştərilərimizin logistika əməliyyatları üçün ehtiyac və tələbatlarını öyrənməkdir. Həmçinin biz bazarlarımızda daha çox inam qazanmaq və bu bazarın inkişafına töhfə vermək üçün təchizatçılarımızı da ziyarət edirik”.
İspaniyalı daha bir iştirakçı Sesilio Pereqrin isə bu sərginin müştəri və təşkilatçılarla görüş üçün unikal imkan yaratdığını vurğulayıb: “Bizim şirkətimiz salat göyərtiləri yetişdirir. Bu sərgi son 35 ildə inkişaf edib böyüyən görüş məkanıdır və bizim üçün buraya gəlib müştərilərimizlə və bütün təchizatçılarla görüşmək çox vacibdir. Məncə, bu, digər ölkələrin nə etdiyini görmək, öyrənmək və sistemlərimizi təkmilləşdirə bilmək üçün yaxşı fürsətdir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin