Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Bakı Konqres Mərkəzində “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir qlobal məsələlərdə dialoq, əməkdaşlıq və gənclərin fəal iştirakına həsr olunub.
Açılış mərasimində çıxış edən QHGT-nin sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir gəncləri, dövlət və özəl sektor nümayəndələrini, o cümlədən beynəlxalq təşkilatları bir araya gətirib. O, tədbiri gənclərin gücləndirilməsinə və onların müasir qlobal gənclər gündəminin formalaşdırılmasında rolunun artırılmasına yönəlmiş əsas təşəbbüs kimi qiymətləndirib.
Leyla Həsənova gənclərin təşəbbüsü ilə yaradılan platformaların dialoqun, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın təşviqində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Proqram Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin “Artan qeyri-müəyyənlik şəraitində müasir qlobal çağırışların həllində diplomatiyanın rolu” mövzusunda əsas məruzəsi ilə davam edib.
Çıxışı zamanı nazir müavini beynəlxalq mühitdə baş verən dəyişikliklər, çoxtərəfli əməkdaşlığın təşviqində diplomatiyanın əhəmiyyəti, eləcə də Azərbaycanın xarici siyasətinin əsas prioritetləri və dəyişən beynəlxalq sistemdə mövqeyi barədə dəyərli fikirlər səsləndirib.
Əsas məruzədən sonra iştirakçılara Qoşulmama Hərəkatı Gənclər Təşkilatının indiyədək həyata keçirdiyi əsas fəaliyyətləri, mühüm mərhələləri və əldə etdiyi nailiyyətləri əks etdirən icmal videoçarx təqdim olunub.
Videoda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının keçdiyi inkişaf yolu əhatəli şəkildə nümayiş olunub.
Növbəti iki gün ərzində 100-dən çox yerli və beynəlxalq iştirakçı panel müzakirələri və interaktiv seminarlar vasitəsilə siyasətçilər, diplomatlar və ekspertlərlə bir araya gələrək aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.