QAN YADDAŞI
Berlində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı nümayiş keçirilmişdir
Berlin, 2 aprel (AZƏRTAC). Almaniyanın paytaxtı Berlində Brandenburq darvazaları önündə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı etiraz nümayişi keçirilmişdir. Tədbir Azərbaycan evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası tərəfindən təşkil olunmuşdur. Nümayişdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri ifşa edən bəyanat vərəqələri yayımlanmış, çoxsaylı şüarlar ilə alman ictimaiyyəti və şəhərin turistlərinin diqqəti həmin qanlı hadisələrə cəlb edilmişdir. Nümayiş iştirakçıları Almaniyada bayram günlərində şəhərə çıxmış sakinlərlə şəxsi söhbətlərində də azərbaycanlıların məruz qaldıqları soyqırımından bəhs etmişlər.
Tədbir Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi ilə davam etdirilmiş, soyqırımı qurbanlarının xatirəsi yad edilmiş, şəhidlərin ruhuna ehsan süfrəsi açılmışdır. Anım mərasiminin iştirakçıları Azərbaycan tarixinin qanlı səhifələrini yad etmişlər.
Xatırladaq ki, 2013-cü il mart ayında Avropa Azərbaycanlıları Konqresi “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı Avropa Parlamentinin İnsan Hüquqları departamentinin rəhbəri Barbara Loxbilerə, Alman Bundestaqının prezidenti Norbert Lammertə, Avropa ölkələri və Almaniyanın müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərmişdir.
Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və Azərbaycan diasporu, hər il olduğu kimi, bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə Almaniyanın bir çox əyalət və şəhərlərində yad etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin