Berlində “Almanca-Azərbaycan Türkcəsində Lüğət” işıq üzü görmüşdür
Bakı, 31 may (AZƏRTAC). Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Almanca-Azərbaycan Türkcəsində Lüğət”inin təqdimatı olmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, lüğət Berlində yaşayan həmyerlimiz, Alman-Azərbaycan Akademiklər Cəmiyyətinin sədri, professor Əhməd Umid Yazdaninin müəllifliyi ilə işıq üzü görmüşdür.
AAKM-in icraçı direktoru Samira Patzer-İsmailova lüğəti elmi yaradıcılığın bəhrəsi kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, lüğət dilin praktiki şəkildə işlənməsi və onun nəzəri prinsipləri ilə elmi axtarışları özündə birləşdirir.
Ə.Yazdani onu bu lüğəti təkzib etməyə sövq edən səbəblərdən danışmışdır. Bildirmişdir ki, 45 mindən artıq söz və ifadəni əhatə edən 900 səhifəlik lüğət Cənubi Azərbaycan türkcəsinin qarşılığını göstərməklə yanaşı, həm də əlavə sözlərlə yeniləşdirilmişdir.
Ə.Yazdani “Vətən xatirələri” silsiləsindən hekayələrini tədbir iştirakçılarına oxumuş və qonaqların suallarını cavablandırmışdır.
Digər çıxış edənlər lüğət, dilin qorunub saxlanması və onun inkişafı ilə bağlı fikirlərini bildirmiş və müəllifi uğurlu iş münasibətilə təbrik etmişlər.
Tədbirdə Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin və diasporunun üzvləri, incəsənət xadimləri, eləcə də almaniyalı qonaqlar iştirak etmişlər.