Bəstəkarlar İttifaqı “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü - sentyabrın 18-i ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur. 2009-cu ildən başlayaraq isə Milli Musiqi günündə dahi Üzeyir bəyə həsr olunan ənənəvi Beynəlxalq Musiqi Festivalı keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqı da hər il olduğu kimi, bu il də sentyabrın 26-dək keçiriləcək Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının həm təşkilatçısı, həm də iştirakçısı olaraq çıxış edir.
Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində sentyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək.
Məlum olduğu kimi, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dahi Üzeyir Hacıbəylinin dövrünün tanınmış ziyalısı və ictimai xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, onun fəaliyyəti illərində əvəzsiz xidmətləri olub. Bəstəkarlar İttifaqında reallaşacaq elmi konfransda Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişafı istiqamətində gördüyü işlərdən bəhs olunacaq.
Konfransı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə açacaq. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında “Koroğlu” operasının ənənələri”, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov “Üzeyir Hacıbəylinin əsərlərinə edilən təcavüzlər”, musiqişünaslar Səadət Qarabağlı “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti”, Raya Abbasova “Leyli və Məcnun” operası Bakı Marionet Teatrının quruluşunda”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Zöhrabova “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi işinin milli musiqişünaslığın inkişafında rolu” və Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın “Üzeyir Hacıbəylinin təhsil dövründə cümhuriyyət ideyalarının təşəkkülü” mövzusunda məruzələri dinləniləcək.
Konfransda, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqına qəbul edilən yeni üzvlər ictimaiyyətə təqdim ediləcək və onlara üzvlük vəsiqələri veriləcək.
Qeyd edək ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının daha bir tədbiri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə birgə sentyabrın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında reallaşacaq. “Şuşa sədaları” adlı konsertdə vaxtilə Qarabağda fəaliyyət göstərmiş və hazırda Bakıda məskunlaşmış musiqi məktəblərinin şagirdləri çıxış edəcəklər.
Konsertin proqramına Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov, Azər Rzayev, Zakir Bağırov kimi Azərbaycan bəstəkarları ilə yanaşı, Pyotr Çaykovski, Edvard Qriq və Georg Fridrix Hendelin əsərləri daxil olunub.