Beyləqanda əkinlərin suvarma sistemi yaxşılaşdırılır
Beyləqan, 3 mart, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun 50 min 497 hektar, İmişli rayonunun isə 639 hektar əkin sahəsi Xan qızı kanalı vasitəsilə Araz çayının, Qarabağ kanalı vasitəsilə Kür çayının suyundan istifadə edilərək suvarılır. Hazırda idarənin balansında 1297,03 kilometr açıq suvarma kanalı, 1,58 kilometr qapalı borulu su kəməri, 132,2 kilometr beton üzlüklü, 148,9 kilometr nov kanal, 1650 ədəd hidrotexniki qurğu, 618 ədəd körpü və keçid var.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə Xan qızı kanalı üzərində bir ədəd şlüz qovşağı əsaslı təmir edilib. 1108,4 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənərək, 1088 min kubmetr həcmində torpaq işi görülüb, 198 ədəd hidrotexniki qurğu təmir edilib. Daşqın və selə qarşı mübarizə üçün Araz çayında 219 min kubmetr məcratənzimləmə işləri görülüb. Hazırda bir ədəd biraşırımlı avtomobil körpüsünün təmirinə başlanılıb.
2019-cu ildə Beyləqan rayonunda 9 min 692 hektar pambıq əkini 3 dəfədən artıq, 12 min 913 hektar payızlıq əkin 3 dəfə, 20 min 061,4 hektar yonca 5,1 dəfə, 843 hektar bağlar 5 dəfə, 3123 hektar həyətyanı sahə 6 dəfə suvarılıb. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib.
Rayonda pambıq əkiləcək sahələrdə arat işləri yekunlaşmaq üzrədir. Hazırda 2020-ci ilin suvarma mövsümünə hazırlıq görülür.