Beyləqanda keçirilən intellektual yarışda 40 komanda mübarizə aparır
Beyləqan, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayon təhsil sektorunun təşkilati dəstəyi ilə “Mil” Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə İctimai Birliyi tərəfindən icra edilən "Beyləqan məktəbliləri arasında Vətən kuboku" layihəsi çərçivəsində intellektual yarış keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, intellektual yarışda rayonun ümumtəhsil məktəblərinin ümumilikdə 40 komandası iştirak edir. Layihə çərçivəsində müxtəlif zonalarda beş seçim turu keçirilməsi nəzərdə tutulur. Hər zonadan ilk üç yeri tutan komandalar finala vəsiqə qazanır.
Beyləqan rayon Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbdə keçirilən növbəti seçim turunda 9 məktəbin komandası mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Şərq qəsəbə tam orta məktəbin komandası birinci, Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin komandası ikinci, İmamverdilər kənd tam orta məktəbinin komandası üçüncü yerə çıxaraq "Vətən kuboku"na vəsiqə qazanıb.
“Vətən kuboku”nun final yarışı oktyabrın sonunda “Xəmsə” milli intellektual oyun növü üzrə təşkil ediləcək. Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.