REGİONLAR
Beyləqanda pambıq ziyanvericilərinə qarşı mübarizə təlimində bioloji üsul tətbiq olunub VİDEO
Beyləqan, 7 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Beyləqan Regional Təlim Aqrar Mərkəzi və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "Pambıq sahələrində pambıq ziyanvericilərinə qarşı mübarizə tədbirləri" mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlim rayonun Təzəkənd kəndi ərazisində yerləşən pambıq tarlasında gerçəkləşib. Görüşdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov, institutun əməkdaşları, Beyləqan Regional Aqrar Təlim Mərkəzinin direktoru Qurban İmranov, mütəxəssislər və fermerlər iştirak ediblər.
Çıxış edənlər pambıqçılığın inkişafı, aqrotexniki qulluq, həmçinin pambığın becərilməsi, ziyanvericilərə qarşı vaxtında tətbiq ediləcək bioloji və kimyəvi mübarizə tədbirləri barədə təlim iştirakçılarına məlumat veriblər. Bildirilib ki, pambıq bitkisi üzərində 200 növ müxtəlif həşərat, gənə, xəstəlik törədən mikroorqanizmlər yaşayır və bunlar mütəmadi olaraq çoxalma qabiliyyətinə malikdirlər. Qeyd edilib ki, pambıq aqrosenozunda onun zərərvericilərini məhv edən 50-dən çox yırtıcı və parazitlərə rast gəlinir. Bundan başqa, pambıq sovkası, hörümçək gənəciyi, tütün tripsi və mənənələr Azərbaycanda pambıq bitkisinin əsas zərərvericiləridir. Diqqətə çatdırılıb ki, pambıq bitkisi vegetasiya dövründən cücərti fazasında tam yetişməyə qədər müxtəlif orqanizmlər tərəfindən zədələnir. Bütün bu xəstəlik və zərərvericilərin qarşısını almaq üçün bioloji və kimyəvi mübarizə üsulundan qabaqlayıcı tədbirlər məqsədilə istifadə olunması mütləqdir. Həmçinin təlim zamanı ziyanvericilərə qarşı effektiv, ekoloji cəhətdən təmiz mübarizə tədbirləri və bu üsulların nə zaman tətbiq edilməsi barədə iştirakçılara məlumat verilib.
Təlim zamanı pambıq tarlalarında bioloji mübarizə üsulu əyani şəkildə tətbiq olunub. Həmçinin toplantı iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.