Beyləqanda şəhid və qazi övladları üçün bayram şənliyi təşkil edilib
Beyləqan, 27 dekabr, AZƏRTAC
Beyləqanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqları təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıblar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanıldığı və onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb.
Tədbirdə Beyləqan Gənclik Teatrının hazırladığı əyləncəli şou nümayiş olunub, gənc musiqiçilər tərəfindən vətənpərvərlik və bayram ab-havasında musiqilər ifa edilib.
Yeni il bayramının ənənəvi personajları - Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, maraqlı səhnəciklər nümayiş olunub. Tədbir uşaqların böyük marağına səbəb olmaqla yanaşı, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb.
Sonda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunub.