REGİONLAR
Beyləqanın pambıq tarlalarında defolyasiya işlərinə başlanılıb
Beyləqan, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikanın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda fermerlər məhsul yığımına hazırlaşırlar. Sahələr alaq otlarından təmizlənir, sahə kənarları hamarlanır, texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıqyığan maşınla məhsulun toplanacağı sahələrdə defolyasiya işlərinə də başlanılıb.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il 8675 hektar sahədə çiyid səpini həyata keçirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.
İndi pambıqçılar min bir zəhmət hesabına yetişdirdikləri məhsulun vaxtında və itkisiz yığılmasına hazırlıq işləri görürlər. Rayonda pambıq yığımına 38 pambıqyığan kombayn, 109 traktor, 240 qoşqu cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular məhsul yığımı üçün hazır vəziyyətə gətirilir. Məhsul yığımına sentyabrın sonlarında başlanılacaq. Bu mövsüm rayon üzrə 26 min tondan çox pambıq istehsalı gözlənilir.