BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ PREZİDENTİ BAKIYA GƏLƏCƏYİNİ BİLDİRİR
AGF-nin vitse-prezidenti Altay Həsənov demişdir ki, konqresdə Avropa Gimnastika İttifaqının yeni prezidenti, vitse-prezidenti və icraiyyə komitəsinin üzvləri seçilmişlər. İki mərhələdə keçirilmiş səsvermənin yekunlarına görə, UEG-nin başçısı yunanıstanlı Dimitris Dimitropulos seçilmişdir. Bu yüksək vəzifədə o, Klaus Lotsu əvəz etmişdir. Yeni prezident əvvəllər UEG-nin vitse-prezidenti vəzifəsində çalışmışdır.
Azərbaycan nümayəndə heyətinin üzvləri gimnastika avadanlığının satışı ilə məşğul olan “Şpit” şirkətinin prezidenti Yan Fritsenlə görüşmüşlər. Görüşdə 2005-ci il oktyabrın 5-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının avadanlıqla təchiz edilməsi məsələləri müzakirə olunmuşdur.
Altay Həsənov demişdir: “Bundan əlavə, Bakıda gimnastika kompleksi tikiləcəkdir. Biz kompleksi avadanlıqla təchiz edəcək tərəfdaşımızı seçmişik”.
Konqres zamanı Azərbaycan nümayəndə heyəti Avropa federasiyalarının başçıları ilə əlaqələr qurulmasına dair danışıqlar aparmışdır. Konqres iştirakçılarının çoxu Azərbaycana, ölkəmizdə idmanın, xüsusilə gimnastikanın inkişafına böyük maraq göstərmişlər. Rusiya, Çexiya və Bolqarıstan nümayəndələri Azərbaycana gəlmək və gimnastikanın inkişafı ilə yerindəcə tanış olmaq istədiklərini bildirmişlər.
Mətbuat xidmətində onu da demişlər ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nəşr etdirdiyi jurnalın sonuncu nömrəsində Azərbaycan gimnastikasının parlayan ulduzu Dinara Gimatovanın da şəkli verilmişdir.
FIG-nin prezidenti Bruno Qrandi Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüş zamanı AGF-nin fəaliyyətini yüksək qiymətləndirmiş və 2004-cü il aprelin 24-25-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kubokunun mərhələ yarışlarına gələcəyini vəd etmişdir.