Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməlidir
Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş və parlament diplomatiyasının əhəmiyyəti vurğulanmışdır.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə qonağa ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır. E.Məmmədyarov bildirmişdir ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin qəbul olunmasına baxmayaraq, Ermənistan bu sənədləri icra etmir. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri beynəlxalq ictimaiyyətin münaqişənin həllində daha qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.