Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan toponimlərinə qarşı etnosid siyasətindən agah olmalıdır
Sumqayıt, 27 dekabr, Firuz Novruzov, AZƏRTAC
Beynəlxalq ictimaiyyət 100 ildən artıqdır rəsmi Ermənistan tərəfindən Azərbaycan toponimlərinə qarşı davam edən etnosid siyasətdən agah olmalıdır.
Bu sözləri AZƏRTAC-ın əməkdaşı ilə söhbətində 60 ildən çoxdur Qərbi Azərbaycandakı toponimlərin tədqiqi ilə məşğul olan 88 yaşlı Əvəz Mahmud deyib.
Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla görüşünün Vətən həsrəti ilə yaşayan həmvətənlərimizə ümid verdiyini bildirən Əvəz Mahmud tarixi ədalətin bərpasında həmkarlarının üzərinə böyük iş düşdüyünü bildirib.
Qərbi Zəngəzurun Ağdü kəndindən olan Əvəz Mahmud ermənilərin 1918-ci ildən bəri azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin başlıca məqsədinin o torpaqların həqiqi sahiblərinin izini yox etmək olduğunu vurğulayıb. Tbilisidə nəşr olunan “Qruziya” qəzetinin 1918-ci il 9 noyabr tarixli nömrəsindən sitat gətirən tədqiqatçı, həmin ilin 3 ayı ərzində Zəngəzur qəzasında 130 kəndin talan olunaraq yandırıldığını, 7729 azərbaycanlının öldürüldüyünü xatırladıb.
Ermənistan dövlətinin sovet dövründə Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsinə başladığını qeyd edən tədqiqatçı bu prosesin 3 mərhələdə - 1925-1937-ci, 1948-1965-ci illər və 1988-ci ildən günümüzə qədər erməni “alimlərinin” iştirakı ilə davam etdiyini bildirib.
Əvəz Mahmud Qərbi Zəngəzurdakı saysız-hesabsız Oğuz qalalarının, alban məbədlərinin, məscidlərin, ziyarətgahların, müqəddəs ocaqların, at və qoç heykəli formasında qəbirüstü abidələrin, daş sənduqələrin və günbəzlərin Azərbaycan türklərinin yaratdıqları maddi-mədəniyyət abidələri olduğunu söyləyib.