Beynəlxalq Məktəblər Şurasının ekspertləri Azərbaycanda səfərdə olub
Bakı, 24 may, AZƏRTAC
Beynəlxalq Məktəblər Şurasının (CIS) 9 nəfərdən ibarət nümayəndə heyəti Avropa Azərbaycan Məktəbi təhsil kompleksinin dəvəti ilə Azərbaycanda səfərdə olub.
Avropa Azərbaycan Məktəbindən AZƏRTAC-a bildirilib ki, ekspertlərin səfəri məktəbin müraciəti əsasında akkreditasiya məsələləri ilə əlaqədar təşkil edilib.
Akkreditasiya üçün müraciət və onun əldə edilməsi prosesi 2 illik dövrü əhatə edir. Şura tərəfindən akkreditasiyanın alınması Beynəlxalq Bakalavriat (IB) kimi proqramların tədris edildiyi beynəlxalq məktəblər üçün böyük əhəmiyyət kəsb edir. Proses zamanı məktəbdəki bütün məsələlər (kurikulum, idarəetmə, siniflərdəki tədris prosesi, şagirdlərə dəstək, ictimaiyyətlə əlaqələr, missiya) ilk olaraq məktəb, daha sonra beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilir və onların beynəlxalq standartlara cavab verib-vermədiyi yoxlanılır.
Daniela Vasile rəhbərlik etdiyi nümayəndə heyətinin siniflərdəki təhsil prosesindən və müəllimlərin peşəkarlığından məmnunluğunu bildirib. Səfərdə olan heyət həm valideyn, həm də şagirdlərlə görüşərək onların da məktəb haqqında fikirləri ilə tanış olub.
Beynəlxalq Məktəblər Şurası tərəfindən akkreditasiya almağın müəyyən üstün cəhətləri var. Belə ki, akkreditasiya prosesindən keçdikdə rəhbərlik məktəbin güclü tərəflərini və üzərində işlənilməli olan sahələrini daha aydın görə bilir. Bununla da müəyyən edilən çatışmazlıqların həlli gələcək hədəfə çevrilir.
Akkreditasiyanın alınması təhsil və tədris səviyyəsinin beynəlxalq standartlara uyğun olması deməkdir. Həmçinin bu, məktəbin təhlükəsizlik, mühafizə və şagirdə dəstək baxımından etibarlı olduğunu göstərir. Şagirdlər universitetlərə qəbul zamanı sənədlərini təqdim etdikdə onların sənədləri universitetlər tərəfindən yoxlanılır və bu zaman bitirdikləri məktəbin keyfiyyəti araşdırılır. Əgər məktəb akkreditasiya alıbsa, universitetlər burada şagirdlərin keyfiyyətli təlim-tədris prosesindən keçdiyindən əmin olur.
Beynəlxalq Məktəblər Şurası tərəfindən verilən akkreditasiya beş ildən bir yenilənməli, hər dərs ili üçün görülmüş işlər üzrə hesabat verilməlidir. Şura daim öz üzərində işləyən, tədris edilən proqramların və təcrübələrin inkişaf etdirilməsinə diqqət yetirən məktəbləri yüksək dəyərləndirir. Avropa Azərbaycan Məktəbi məhz bu fikirləri əldə əsas tutaraq akkreditasiya almağa səy göstərir.