BEYNƏLXALQ MİQRASİYA TƏŞKİLATI İLƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycana səfərindən məmnun qaldığını bildirən qonaq, ölkəmizdə müxtəlif sahələrdə inkişafın müşahidə olunduğunu bildirmişdir.
Görüşdə qaçqınlar, məcburi köçkünlər və miqrantların problemlərinin həlli ilə bağlı Azərbaycan hökuməti ilə BMqT-nin əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılmışdır. E.Məmmədyarov bu təşəbbüsü yüksək qiymətləndirmişdir.
118 ölkənin üzv olduğu təşkilatın BMT qurumları ilə sıx əlaqədə fəaliyyət göstərdiyini vurğulayan cənab MakKinli qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycanla da əməkdaşlığa marağını ifadə etmişdir.
E.Məmmədyarov Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasının, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdır. O, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq və bu ərazilərdə yenidənqurma işlərini həyata keçirmək hüququnun təmin edilməsinin beynəlxalq ictimaiyyətin iradəsindən çox asılı olduğunu bildirmişdir.
Görüşdə İKT-nin üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasındakı müzakirələr və bir sıra beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.