BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR DAİMİ KOMİSSİYANIN İCLASINDA
Komissiyanın sədri Səməd Seyidov demişdir ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılması və Milli Məclisin müzakirəsinə çıxarılmasının təmin edilməsi, Azərbaycan Respublikasının xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsinə, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərin təsis edilməsinə dair təkliflərin verilməsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğvi qaydalarına aid qanun layihələrinin hazırlanması, Milli Məclisin beynəlxalq təşkilatlarla, eləcə də dünya ölkələri parlamentləri ilə əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti gücləndirmək, xaricdə yaşayan soydaşlarımızla əlaqələri inkişaf etdirmək və sair aktual məsələlər daxildir.
Komissiya bütün bu işləri Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsi, Milli Məclisin beynəlxalq münasibətlər şöbəsi, parlamentdəki dostluq qrupları və Xarici İşlər Nazirliyi ilə birgə məsləhətləşmələr aparmaqla həyata keçirəcəkdir.
İş planı təsdiq edildikdən sonra bəzi qanunvericilik aktlarına təklif olunan əlavələr və dəyişikliklərə baxılmışdır. Deputatlar müzakirə olunan məsələlərə münasibət bildirmişlər. Qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.