Beynəlxalq pestisidlər forumunun iştirakçıları Qəbələ Bəyannaməsini qəbul etmişlər
Qəbələ, 9 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisidlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən XI Beynəlxalq pestisidlər forumu sentyabrın 9-da öz işini başa çatdırmışdır.
AZƏRTAC xəbər verir ki, forumun sonuncu günündə keçirilən sessiyalar iki paralel istiqamətdə davam etmişdir. Fao-Gef regional layihəsinin inkişafı üzrə sessiyada “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın 9 ölkəsində davamlı üzvü çirkləndiricilər və pestisidlər haqqında bacarıqların artırılması”, “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində köhnəlmiş pestisidlərin araşdırılmasının gücləndirilməsi” mövzularında müzakirələr aparılmışdır. Rumıniya, Makedoniya, Belarus, Moldovadan olan ekspertlərin köhnəlmiş pestisidlərin idarə edilməsi, inventarlaşdırılması, ictimaiyyətin maarifləndirilməsi mövzularında çıxışları dinlənilmişdir.
Davamlı üzvi çirkləndiricilərin idarə edilməsi və məhvi məsələlərinə həsr olunmuş ikinci sessiyada isə Qazaxıstanda bu problemin həlli yolları, təhlükəli tullantıların beynəlxalq emalı, Orion fəlsəfəsi və texnologiyası ilə polixlorbifenillərin (PXB) emalı layihəsi, İranda PXB təcrübəsi, köhnəlmiş pestisidlər və başqa üzvi çirkləndiricilərin məhv edilməsinin termal metodları, superkritik pestisidlərin məhvi mövzularında çıxışlar olmuşdur.
Üç gün davam edən XI Beynəlxalq pestisidlər forumunun yekununda Qəbələ Bəyannaməsi qəbul edilmişdir.
Forumda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert davamlı üzvi çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrlə bağlı müzakirələr aparmışdır.