Beynəlxalq Qış Məktəbinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC
ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı İctimai Birliyi) təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən Beynəlxalq Qış Məktəbinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzlə tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Bildirilib ki, Qış Məktəbində ELSA beynəlxalq təşkilatı tərəfindən xüsusi müsabiqə əsasında seçilmiş İngiltərə, İspaniya, Belçika, Çexiya, Norveç, Pakistan, Almaniya, Türkiyə və Azərbaycandan olan 11 tələbə iştirak edir.
Qəbələ Arxeoloji Mərkəzində keçirilən görüş zamanı tələbələrə Mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, respublikamızda yeganə olan bu Mərkəzdə iki sərgi salonu (muzey), bərpa laboratoriyası, akt və konfrans zalları, kitabxana, arxeoloji fond mövcuddur. Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövrü olaraq aparılan arxeoloji qazıntılardan əldə olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzdəki müasir laboratoriyada ətraflı tədqiq edilir, daha sonra sərgi salonlarında turistlər üçün sərgilənir. İndiyədək Mərkəzdə beynəlxalq seminarlar, konfranslar, həmçinin elmi işlərin araşdırılması istiqamətində bir çox tədbirlər keçirilib.
Tələbələr Mərkəzdə sərgilənən arxeoloji materiallarla tanış olub, “Qafqaz Albaniyasının paytaxtı - Qəbələ” filmini izləyiblər.
Beynəlxalq Qış Məktəbinin iştirakçıları Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.