Beynəlxalq tədbirdə Azərbaycanda zorakılıq hallarına qarşı aparılan dövlət siyasətindən danışılıb
Bakı, 16 aprel, AZƏRTAC
Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatının “Qadın və qızlara qarşı zorakılıq” mövzusunda vebinarı keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə ölkəmizi Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edib. Deputat Azərbaycan parlamentinin və cəmiyyətinin bu sahədə təcrübə və təkliflərini tədbir iştirakçıları ilə bölüşüb.
Vebinarda dünyanın müxtəlif ölkələrindən deputatlar qadın və qızlara qarşı zorakılığın bütün növlərinin aradan qaldırılması üzrə görülən və görülə biləcək işlər, müxtəlif dövlətlərdə həyata keçirilən tədbirlər və əldə olunan uğurlu təcrübələrdən söz açıblar.
Tədbirdə çıxış edən K.Nurullayeva Azərbaycanda zorakılıq hallarının qarşısını almaq məqsədilə həyata keçirilən dövlət siyasətindən danışıb, bu istiqamətdə sektorlararası əməkdaşlığın və maarifləndirmə kampaniyasının uğurlu nəticələrindən bəhs edib. İcra mexanizmlərini gücləndirmək məqsədilə hüquqi mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyətini bildirən deputat həm də mümkün zorakılıq hallarının qarşısını almaq üçün çağrı və konsultasiya mərkəzlərinin yaradılmasının vacibliyini vurğulayıb.