Beynəlxalq turizm sərgilərində iştirakla bağlı məsələlər müzakirə olunub
Bakı, 8 sentyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin gəlmə turizmi üzrə ixtisaslaşmış aparıcı şirkətlərinin iştirakı ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə sentyabrın 24-dən 27-dək Tokioda keçiriləcək "JATA 2015" və sentyabrın 29-dan oktyabrın 2-dək Parisdə keçiriləcək "Top Resa" beynəlxalq turizm sərgilərində iştirak, bunun ölkəmizə səfər edən turistlərin artım dinamikasına təsirləri kimi məsələlər müzakirə edilib.
Görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və turizm şöbəsinin əməkdaşları, "Silk Way travel", "İmprotex travel", "Geo travel", "ENC", "Turizm.az", "Gilan tourism", "Paşa travel", "Victory tour", "Spektr", "Millenium" və "Al travel" şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin yekunu olaraq, turizm şirkətlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və onlar tərəfindən beynəlxalq turizm sərgilərində iştirakın effektivliyinin artırılması, o cümlədən gəlmə turizm inkişafı ilə bağlı təkliflərin hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilməsi qərara alınıb.