Biləsuvarda 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Biləsuvar, 31 mart (AZƏRTAC). Biləsuvar rayonunun idarə, müəssisə və təşkilatlarında 31 mart soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümumrayon tədbirində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, soyqırımı ilə bağlı filim nümayiş olunmuşdur.
Toplantında çıxış edənlər bildirmişlər ki, azərbaycanlıların məruz qaldıqları soyqırımı nəticəsində milyonlarla soydaşımız tarixi vətənlərindən deportasiya olunmuş, qanına qəltan edilmişdir. Bildirilmişdir ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılmış, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olmuşdur.
Soyqırımı aktlarının tarixindən, erməni vəhşiliyinin xronikasından danışan toplantı iştirakçıları Azərbaycan həqiqətlərinin ilk dəfə ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində obyektiv hüquqi-siyasi qiymətini almasını, Ulu Öndərin müvafiq Fərmanı ilə 31 martın soyqırımı günü elan olunmasını xüsusi vurğulamışlar.
Anma mərasimində Prezident İlham Əliyevin prinsipial mövqeyi, soyqırımı aktları ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin nəticəsi olaraq erməni təbliğatının kəsərdən düşməsi və iflasa uğraması konkret faktlarla diqqətə çatdırılmışdır.
Mərasimdə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən də ətraflı bəhs edilmişdir.