Biləsuvarın Çaylı kəndində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Biləsuvar, 19 yanvar, Mahir Babayev, AZƏRTAC
20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Biləsuvar rayonunun Çaylı kəndində anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun məzarı üzərinə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Faciə haqqında məlumat verən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev 20 Yanvarı Azərbaycanın ən yaxın tarixində həm hüzn, həm də qürur günü kimi xarakterizə edib. Bildirilib ki, istiqlal, azadlıq amalı ilə küçələrə çıxan xalq imperiyanın nəhəng hərb maşını qarşısında mətanətlə sinə gərib və müstəqilliyinə qovuşub. O qanlı şənbə gecəsində azadlıq uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında iki biləsuvarlı - Baba Xammədov və Əlimərdan Hüseynov da var idi. Qanı ilə azadlıq dastanı yazan Baba Bakıda Şəhidlər xiyabanında, Əlimərdan Hüseynov isə boya-başa çatdığı Çaylı kəndində qəbiristanlıqda uyuyur. “Bütün azərbaycanlılar kimi, Çaylı kəndi də qəhrəmanları ilə fəxr edir”, - deyən natiq onların hər kəsə örnək olduğunu söyləyib.
Anım mərasimində məktəblilər şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər.