Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması məqsədilə tədbirlər həyata keçirilir
Bakı, 7 mart, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə martın 6-da Binəqədi Gənclər Evində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə “Azərreyl” Voleybol klubunun prezidenti Fərid Xəlilov, idarənin əməkdaşları, müəllimlər iştirak ediblər.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və rayon icra hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. Çıxış edənlər Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışaraq, bu sahədə görülən işlərin daha da artırılmasının vacib olduğunu diqqətə çatdırıblar.
Sonra Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif ediliblər.