Binəqədidə keçirilən “Tarixin soyqırımı” adlı tədbirdə erməni vəhşiliklərindən danışılıb
Bakı, 31 mart, AZƏRTAC
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Tarixin soyqırımı” adlı anım tədbiri keçirilib.
Tədbir YAP Binəqədi rayon təşkilatının inzibati binasının foyesində 1918-ci il martın 31-də erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərini əks etdirən fotolardan ibarət sərginin nümayişi ilə başlayıb. Sonra soyqırımı ilə bağlı film göstərilib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 31 mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışıb.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev, mərkəzin Tatarıstan nümayəndəliyinin rəhbəri Natiq Bədəlov, Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni Soyqırımı İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksal Gülbəy, İsraildən olan sülh səfiri Aleks Şapiro çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıb.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev 31 mart soyqırımının təkcə həmin tarixlə məhdudlaşmadığına diqqət çəkərək SSRİ dövründə də bolşevik cildinə bürünmüş və yüksək vəzifələr tutmuş erməni daşnaklarının repressiyalar, deportasiyalar vasitəsilə öz qanlı əməllərini davam etdirdiyini vurğulayıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışıb, bu qanlı olaylara ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirib. Tarixi faktların işığında və sənədlər əsasında soyqırımı həqiqətlərinin dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran A.Əliyeva bu məsələdə beynəlxalq ictimaiyyətin məlumatlandırılması işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd edib.