Binəqədidə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bu dəfə Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reyd keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı həmin ünvanlarda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstəriş verilib.
Agentlik bir daha vətəndaşları bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka çağırır, qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı vətəndaş mövqeyini ortaya qoymağı, həmin hallarla əlaqədar 1003-Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.