CƏMİYYƏT
Bir ayda “Qaynar xətt”ə 120 müraciət daxil olmuşdur
Bakı, 10 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə (539-18-63, 538-13-35) iyul ayında daxil olmuş 120 müraciət yerində araşdırılmışdır.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar 34 müraciətdən 10-u barədə qanunauyğun tədbirlər görülmüş, 18-i təsdiqini tapmamış, 6-sı isə icradadır.
Eyni zamanda, aşma təhlükəsi olan ağaclarla bağlı qeydə alınmış 62 müraciətdən 59-na yerində baxış keçirilmişdir. Təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmiş, 1 müraciət əsassız hesab edilmiş, 2-si isə icradadır.
Bundan başqa, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar 24 müraciət araşdırılmışdır. Məlum olmuşdur ki, müraciətlərin 17-si şəxsi xarakterlidir və həmin ərazilər nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdür.