Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub
Bakı, 27 may, AZƏRTAC
Məlum olduğu kimi, ölkəmiz Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qərarı ilə bir sıra heyvan xəstəliklərindən, o cümlədən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb. Əldə edilmiş nəticələr ölkəmizin biotəhlükəsizliyinin təmin olunması ilə yanaşı, həmçinin bu istiqamətdə ixrac potensialını daha da genişləndirir. Hazırda işğaldan azad edilmiş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir.
Ancaq təəssüflə qeyd edək ki, ölkəmizin bir sıra regionlarında, xüsusilə magistral yolların kənarlarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Qeyd edilib ki, bütün bunlar ölkəmizdə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur: “Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilər.
Bildirilir ki, heyvanların ictimai iaşə obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq Agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcək”,- deyə xəbərdarlıqda qeyd olunub.